Yenilik: Bələdiyyələr vergiləri bu cür toplayacaq

Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi, həmçinin dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”nın (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

 

Mərkəzi Bankdan "APA-Economics"ə verilən məlumata görə, hal-hazırda respublikada fəaliyyət göstərən bütün kommunal xidmət təşkilatları, mobil və stasionar rabitə operatorları ilə yanaşı Maliyyə, Vergilər, İqtisadiyyat, Daxili İşlər, Təhsil, Energetika və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük KomitəsiƏmlak Məsələləri Dövlət KomitəsiDövlət Sosial Müdafiə Fondu, “Azərbaycan İpoteka Fondu” ASC, Dövlət Miqrasiya Xidməti yaradılmış infrastruktura inteqrasiya olunmuşdur. Eyni zamanda, HÖP infrastrukturu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılmış “Elektron Hökumət” dövlət informasiya resursu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya resursları ilə tam şəkildə inteqrasiya olunub.

 

Layihənin cari mərhələsində Vergilər Nazirliyi tərəfindən yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron qaydada hesablanması məqsədilə yaradılmış və 20 bələdiyyədə quraşdırılmış Bələdiyyə Vergi İnformasiya Sistemi (BVİS) HÖP infrastrukturuna inteqrasiya olunub. Növbəti mərhələdə Vergilər Nazirliyi tərəfindən bütün bələdiyyə orqanlarının yaradılmış infrastruktura qoşulması üzrə fəaliyyət davam etdiriləcək və cari ilin sonuna kimi bu proses əsasən başa çatdırılacaq.

 

Yerli (bələdiyyə) vergi və ödənişlərin toplanılması prosesində tam şəffaflığın təmin olunması məqsədilə əməliyyat gününün sonunda qəbul edilmiş vəsaitlərin müvafiq hesablara çatdırılması üzrə portalda elektron üzləşmə aparılır və bu haqda BVİS-ə məlumat verilir.

 

Ödəyicilər yaradılmış infrastruktura qoşulmuş bələdiyyə orqanları üzrə artıq ölkənin istənilən regionunda "Azərpoçt" MMC-nin və 36 bankın 2000-ə yaxın ödəniş məntəqəsində və özünəxidmət terminallarında nağd formada, həmçinin ödəniş kartlarından istifadə etməklə HÖP-ün internet resursları və “Elektron Hökumət” portalı vasitəsilə nağdsız formada ödənişlərini həyata keçirə bilərlər. Xatırladırıq ki, yuxarıda qeyd olunan istənilən üsulla yerli (bələdiyyə) vergilər və ödənişlərin aparılması üçün bələdiyyə vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsindən istifadə edilə bilər.

 

Mərkəzi Bank HÖP-ün infrastruktur imkanlarının genişləndirilməsi və təqdim edilən elektron ödəniş xidmətlərinin çeşidinin artırılması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.

Mənbə: APA