Lisenziyalar kəskin azaldı və müddətsiz oldu

Ölkədə iqtisadiyyatın sağlamlaşdırılması istiqamətində addımların atılması davam edir. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı bu addımlardan biridir. Fərmanda nəzərdə tutulan yeniliklər aşağıdakılardır:

Lisenziya tələb olunan fəaliyyət növlərinin sayının azaldılması ilə bağlı:


Ümumilikdə lisenziyaların sayı 40% azaldılıbr. Əvvəl 59 fəaliyyət növü ilə məşğul olmaq üçün lisenziya alınması tələb olunurdusa, Fərmana əsasən lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 37-dək azaldılıb. 

Saxlanılan lisenziyaların 33 növünün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən, dövlət təhlükəsizliyi ilə bağlı 4 növünün isə digər dövlət orqanları tərəfindən verilməsi nəzərdə tutulur. 

Lisenziyalar artıq müddətsiz veriləcək. Həmçinin bu günədək verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz hesab ediləcək.

Lisenziyanın verilməsi barədə qərarın qəbul edilməsi müddəti 15 gündən 10 günə endirilib.

Lisenziya verilməsinə görə ödənilməli olan mövcud dövlət rüsumlarının məbləği iki dəfə azaldılıb.

Lisenziyaların verilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı:

Lisenziya verən orqan müraciətə baxılması zamanı aşağıdakı səlahiyyətlərdən istifadə edir:
1. Fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq zəruri hesab etdikdə müvafiq dövlət orqanının rəyinin alınması;
2. Lisenziya verilməsi ilə bağlı müraciətlərin araşdırılması məqsədilə zəruri hallarda ekspert və ya mütəxəssislərin cəlb edilməsi;
3. Lisenziya tələb olunan fəaliyyət növünün həyata keçirilməsi obyektlə bağlı olduqda həmin obyektin lisenziyanın alınması üçün təqdim edilən sənədlərə uyğunluğunun yerində qiymətləndirilməsi;

Digər ümumi qaydalar: 

- Müəyyən edilmiş müddətdə aidiyyəti dövlət orqanı tərəfindən rəy bildirilmədikdə müsbət rəyin verilmiş hesab ediləcək. 
- Ekspertin və ya mütəxəssisin rəyinin alınması üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır.
- Lisenziya sahibinin lisenziyada göstərilən fəaliyyətin həyata keçirilməsi zamanı yerinə yetirilməli olan Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblərə riayət etməməsi lisenziya verən dövlət orqanı tərəfindən müəyyən edildikdə lisenziyanın dayandırılması haqqında qərarın qəbul edilməsinə səbəb olacaq.
- Lisenziyanın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda lisenziya verən dövlət orqanının lisenziyanın ləğvi haqqında qərar qəbul ediləcək.

Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinə göndərilən qanun layihəsinə əsasən, lisenziya tələb olunan sahibkarlıq fəaliyyətinin Azərbaycan Respublikasının regionlarında (Bakı şəhəri istisna olmaqla) həyata keçirilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun 50 faizinin ödənilməsi nəzərdə tutulub. 

Eyni lisenziyanın bir neçə alt növü üzrə lisenziya alınması üçün müraciət olunduqda bir lisenziya üçün müəyyən olunan dövlət rüsumunun ödənilməsi müəyyən edilir.

Lisenziya verildikdən sonra lisenziya sahibi lisenziyada göstərilən fəaliyyət növünü başqa obyektlərdə də həyata keçirmək və ya lisenziyanın əlavəsində göstərilməyən iş və xidmətlərlə məşğul olmaq üçün lisenziya əlavəsinin alınması məqsədi ilə müraciət etdikdə, obyektlərin və ya iş və xidmətlərin sayından asılı olmayaraq müvafiq fəaliyyət növünə lisenziya verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumunun 50 faizi ödənilir.

Həmçinin lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumunun ödənilməməsi nəzərdə tutulur.

Mənbə: Azvision