Icbari sığorta məcburidirmi?

 

2 il bundan öncə "İcbari Sığorta Haqqında" Qanun dəyişdikdən sonra sığorta bazarında canlanma yarandı. Həmçinin icbari sığorta olmadan texniki baxışdan keçmək qadağan olunduğundan sığorta şirkətləri müştəri axını ilə qarşılaşdılar. İcbari sığorta nə olduğunu bilmədən hamı bu sığorta növünə müraciət etdi. Və zaman-zaman "mənim kaskom var icbari lazımdırmı?" , "avtomobilimi tam sığortalamışam dəyən ziyanı ödəyəcəm icbari sığorta lazımdırmı?" , "icbari sığorta məcburidirmi ?" sualları ilə qarşılaşırıq. Yol hərəkəti qaydalarını bilməyən, təbii, icbari sığortanı da bilməyəcək. Bu məqalədə icbari sığortanı sizə açıqlayacağıq. Tam olaraq "Avtomobil sahiblərinin 3 şəxs qarşısında mülki məsuliyyətinin icbari sığortası" adlanır.

 

Bu icbari sığorta növü nəqliyyat vasitəsinin sahibinin qəza zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə vurduğu zərərə təminat verir. Məsələn, Siz qəzaya səbəb olub başqasının avtomobilini əzsəniz, törətdiyiniz zərərin həcmi  5000 manatdan  az olarsa, zərərin həcmi qədər, 5000 manatdan çox olarsa, 5000 manat həcmində ödəniş ediləcəkdir. Göstərilən məbləğ Sizə yox, maşınını əzdiyiniz şəxsə verilir.

 

Minik avtomobilləri üçün illik sığorta haqqı nəqliyyat vasitəsinin mühərrik həcmindən asılıdır.Bu minik avtomobillərinə aiddir. Nəqliyyat vasitənizin icbari sığorta haqqını www.rusum.az  saytındakı kalkulyator vasitəsi ilə hesablaya bilərsiniz. Dövlət Yol Polisi bu sığortanın olmadığı halda 10 manat məbləğində cərimə edir.  Məncə bu cərimə azdır.

 

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq həmin şəhadətnamədə qeyd olunan avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.

 

Üçüncü şəxslərin əmlakı dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • Başqa nəqliyyat vasitəsinin zədələnməsi və ya məhv edilməsi;

  • Yolun və yol qurğularının zədələnməsi və ya məhv edilməsi;

  • Hər hansı digər maddi sərvətlərin və əşyaların zədələnməsi və ya məhv edilməsi.

 

 

Üçüncü şəxslərin səhhətinə vurulan zərər aşağıdakılar hallarda ödənilir:

  • xəsarət alma;

  • əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu);

  • üçüncü şəxsin ölümü

Həmçinin sığorta ödənişinin ödənilməmə halları da var.

 

Hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlarla…əlaqədar olduqda, bundan başqa sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə, habelə mənəvi zərərlə və ya gəlir itkisi ilə, həmçinin …sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda, sığorta ödənişi verilmir.

 

Nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti sığortası Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Azərbaycan Respublikasının hüdudlarından kənarda yol-nəqliyyat hadisəsi baş verdikdə  nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti sığortası üzrə sığorta ödənişinin verilməsi yerli sığortaçının müvafiq xarici ölkənin sığortaçısı ilə bağladığı müqavilə, yaxud Azərbaycan Respublikasının beynəlxalq sazişləri əsasında tənzimlənir.

 

Paslanmadan çürümə, təbii fəlakətlər, hərbi əməliyyat, yaxud hərbi təlim, oğurlanma, müəssisə, idarə və təşkilatların daxili ərazisində hərəkət, yüklənmə və boşaltma, habelə yol-nəqliyyat hadisəsi ilə bağlı olmayan hər hansı digər hallar nəticəsində nəqliyyat vasitəsinə vurulan zərər bu Qanuna görə sığorta hadisəsi sayılmır.

 

Həmçinin, bəzi sürücülər hesab edir ki, o , hadisə törədir və icbari sığorta olduğuna görə dəymiş ziyan ödənilibsə, ondan heç kim pul ala bilməz. Əslində bu belə deyil.

 

Hadisə, …sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda, avtonəqliyyat vasitəsinin sərxoş vəziyyətdə istismar edilməsi nəticəsində və ya onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən idarə edilməsi, yaxud texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə, sığortaçı üçüncü şəxsə verdiyi sığorta ödənişini subroqasiya hüququ əsasında sığorta olunandan geri almaq hüququna malikdir.

 

Və son olaraq yuxarıda verilmiş sualların cavabları :

  • Kasko sığortanızın olması sizi icbari sığorta etdirməkdən azad etmir

  • Avtomobilinizin tam olaraq hətta qarşı tərəfə vurulan ziyanı belə ödənilməsini nəzərdə tutan sığortanız olsa belə icbari sığortanız olmaldır.

  • Bankda ipotekada olan avtomobil bank tərəfindən sığortalansa belə siz yenə də icbari sığorta etdirməlisiniz.

  • İcbari məcburi sözünün sinonimidir.