Bütün dünyada mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya hüquqpozmaları üzrə məlumat verən şəxslərin müdafiəsinin təmin edilməsi bu mübarizədə ən önəmli məsələlərdən biridir. Məhz korrupsiya cinayətləri üzrə verdiyi mühüm məlumat üzrə şəxsin arzuolunmaz nəticələrdən müdafiəsinin dövlət təminatının nəzərdə tutulması çox vacibdir.

Korrupsiyaya  qarşı mübarizə sahəsində beynəlxalq sənədlər də iştirakçı dövlətlərə ədalət mühakiməsi ilə əməkdaşlıq edən şəxslərin (informatorların) onlara qarşı mümkün ola biləcək zorakılığın qarşısının alınması üçün müvafiq tədbirlər görməyi və bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirməyi tələb edir. Belə ki, "BMT-nin Korrupsiya əleyhinə" Konvensiyasının "İnformasiya verən şəxslərin  müdafiəsi" adlı 33-cü maddəsinə əsasən hər bir iştirakçı dövlət həmin Konvensiyaya uyğun olaraq  tanınmış hüquqpozmalarla bağlı faktlar barədə  səlahiyyətli orqanlara  vicdanla və ağlabatan əsaslarla məlumat verən şəxslərin hər hansı ədalətsiz münasibətdən müdafiəsini təmin etmək  üçün öz hüquq sisteminə müvafiq tədbirlərin daxil edilməsi məsələsini nəzərdən keçirməlidir.

Qeyd olunmalıdır ki, belə bir qanunun qəbulu informasiya verən şəxslərin yalnız fiziki təzyiqlərdən deyil, eyni zamanda onların əmək hüquqlarına olan təhlükənin aradan qaldırılması üçün də vacibdir.

İnformasiya verən şəxslərin öz iş yeri üzrə müdafiəsi onların cavab hərəkətlərindən, həmkarlarının (iş yoldaşlarının) təzyiqindən, işdənçıxarılma hallarından müdafiəsini də ehtiva edir. Belə müdafiə tədbirləri bir sıra ölkələrdə (Slovakiya, İsveç) Əmək məcəllələrinə xüsusi normaların daxil edilməsi və ya informasiya verən şəxslərin müdafiəsi haqqında xüsusi qanunların qəbul edilməsi (Yaponiya, Böyük Britaniya ) yolu ilə həyata keçirilir. Bu sahədə ən təkmil qanunvericilik aktları isə Luksemburq, Ruminya, Slovakiya və Böyük Britaniya tərəfindən qəbul edilmişdir. Fransa təcrübəsində isə bununla bağlı konkret müddəalar korrupsiyaya qarşı mübarizə qanunda ehtiva olunmuşdur.